BMT-nin baş katibi prezidentlərin görüşünü alqışladı

BMT-nin baş katibi Antoniu Qutteriş oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın Cenevrədə keçirdikləri danışıqları alqışlayıb.
 
Bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyan edib.
 
Onun sözlərinə görə, BMT-nin baş katibi iki dövlət başçısının danışıqlar prosesinin aktivləşdirilməsi və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımların atılmasına dair razılığa gəlmələrini dəstəkləyir.
 
"ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəkləyən baş katib Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına nail olmaq üçün tərəfləri son görüşdə yaranmış müsbət dinamikadan istifadə etməyə çağırır”, deyə Düjarrik bildirib. 
 
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
 
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur./APA/

MediaFax

Xəbər haqda fikrini bildir